Təyəmmüm

Təyəmmüm — şəriətdə xüsusi qayda ilə yerinə yetirilən əməl.

Təyəmmüm

Qüsl vermək, yaxud dəstəmaz almaq üçün su tapılmadıqda, yaxud suyun bədənə zərəri yetişəcəyi halda qüsl yaxud dəstəmaz almaq əvəzinə təyəmmüm edilir.

Təyəmmüm haqqında Quranda

Qurani Kərimdə buyurulur: "Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!" (Maidə surəsi, 6-cı ayə)

Nə zaman təyəmmüm etmək lazımdır?

7 yerdə dəstəmaz və ya qüslün yerinə təyəmmüm almaq lazımdır:

Suyun olmamasi

Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapmaq üçün ümidini kəsilincəyə qədər axtarmalıdır. Əgər səhrada (çöldə) yaşayırsa, hökm eynidir. Əgər insan çöldə səhrada səfər halında olsa, yolda və mənzil saldığı yerlərdə su axtarmalıdır. Əgər həmin yer dərə-təpəli olsa və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, lazım-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir oxun uçuş məsafəsi qədər[3] dörd tərəfə su axtarmaq üçün getməlidir. Düz yerdə isə hər tərəfə iki ox uçuşu ölçüsündə axtarış etməlidir.

Əgər dörd tərəfin bəzisi hamar, bəzisi alçaq-hündür olsa, gərək hamar olan yerdə iki ox uçuşu ölçüsündə və hamar olmayan yerdə isə bir ox uçuşu ölçüsündə axtarış aparsın.

Su olmadığına yəqin etdiyi yerləri axtarmaq lazım deyil.

Namaz vaxtı dar olmayan və su tapmaq üçün vaxtı olan şəxsin, əgər axtarması lazım gələn məsafədən bir az uzaqda su olduğuna yəqini varsa və ya əmindirsə, su əldə etmək üçün oraya getməsi lazımdır. Amma oraya getmək camaat arasında "suyu yoxdur" deyilə biləcək qədər uzaqdırsa, getməsi lazım deyil. Əgər orada su olduğunu zənn edirsə, oraya getməsi gərək deyil.

İnsanın şəxsən özünün su axtarmağa getməyi vacib deyildir. Su axtardığı və sözünə inandığı şəxsin də deməsinə kifayətlənə bilər.

Əgər öz səfər yüklərinin içində və ya mənzildə (yəni, düşdüyü yerdə) və ya qafilədə su olduğuna ehtimal verərsə, onun olmadığından əmin oluncaya və ya suyun tapılmasından ümid kəsilincəyə qədər axtarış etməlidir. Amma əgər əvvəllər bir halda su olmayıbsa və sonradan su tapılmasına ehtimal versə, axtarış lazım deyil.

Əgər namaz vaxtından əvvəl axtarış aparıb su tapmasa, namazın vaxtına kimi də o yerdə qalsa və ehtimal versə ki, su tapacaq, müstəhəbb ehtiyat odur ki, ikinci dəfə su axtarsın.

Əgər namazın vaxtı daxil olandan sonra axtarış edib su tapmasa və başqa namazın vaxtına qədər orada qalsa, belə ki, su tapmağına ehtimal versə, ehtiyat müstəhəbb odur ki, təzədən su axtarmağa getsin.

Əgər namaz vaxtı dar olsa, yaxud oğrudan və ya yırtıcıdan qorxsa və həmçinin su axtarmağın çətinliyinə görə onun kimilər adətən bu çətinliyə dözə bilməsə, axtarış aparması lazım deyil.

Əgər namaz vaxtı daralıncaya qədər su axtarmağa getməsə, axtarış etdiyi halda su tapa biləcəkdisə, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir.

Su tapa bilməyəcəyinə əmin olan bir şəxs, əgər su axtarmağa getməyib, təyəmmümlə namaz qılarsa və namazdan sonra, su axtardığı təqdirdə tapa biləcəyini bilərsə, ehtiyata əsasən dəstəmaz alıb o namazı yenidən qılmalıdır.

Əgər axtarış apardıqdan sonra su tapa bilməsə, və tapacağından ümidini kəsərək təyəmmümlə namaz qıldıqdan sonra, axtardığı yerdə suyun olduğunu bilərsə, namazı səhihdir.

Namaz vaxtının dar olduğuna əmin olan bir şəxs axtarış etmədən təyəmmümlə namaz qılarsa, və namazdan sonra, namaz vaxtı keçməmiş axtarış üçün vaxt qaldığını bilərsə, vacib-ehtiyat olaraq namazını yenidən qılmalıdır.

Əgər namaz vaxtından qabaq dəstəmazlı olsa və dəstəmazını pozduğu təqdirdə, artıq su tapa bilməsinin mümkün olmadığını yaxud dəstəmaz ala bilməməsini bilərsə, dəstəmazını pozmaması mümkündürsə, vacib-ehtiyat olaraq dəstəmazını pozmamalıdır, istər vaxt daxil olmazdan əvvəl olsun, istərsə də daxil olandan sonra. Amma qüsl etməsinə qadir olmayacağını bilsə belə xanımı ilə yaxınlıq edə bilər.

Yalnız dəstəmaz və ya qüslə kifayət edəcək qədər suyu olan şəxs, onu tökdükdə su tapa bilməyəcəyini bilərsə, namaz vaxtı daxil olduqda o suyu tökməsi haramdır. Vacib-ehtiyat olaraq namaz vaxtından qabaq da o suyu tökməməlidir.

Su tapa bilməyəcəyini bilən şəxs, dəstəmazını batil edərsə, yaxud malik olduğu suyu dağıtsa, xilaf iş görməsinə baxmayaraq təyəmmümlə namazı səhihdir. Lakin, müstəhəbb ehtiyat o namazı qəza etməkdir.

Suyu əldə edə bilməmək

Qocalıq və bacarıqsızlıq, oğrudan, vəhşi heyvanların qorxusundan və yaxud quyudan su çəkmək üçün bir vasitə olmamağından su əldə edə bilməsə, gərək təyəmmüm etsin.

Quyudan su çəkmək üçün vedrə, ip və bu kimi şeylər lazımdırsa, satın almaq və ya kirayə etmək məcburiyyətində qalsa, onun qiyməti normadan bir neçə dəfə baha olsa belə, onları təmin etməlidir. Habelə suyu normal qiymətinin bir neçə dəfə bahasına satmış olsalar da, hökm eynidir. Amma əgər suyu təmin etmək üçün, onun vəziyyətinə zərər verəcək qədər pul verməlidirsə, təmin etməsi vacib deyildir.

Əgər su hazırlamaq üçün əlacsız olaraq borc etməli olarsa, gərək borc etsin. Amma borcunu verə bilməyəcəyini bilən, yaxud güman edən şəxsə borc etmək vacib deyildir.

Əgər quyu qazmağın böyük əziyyəti olmasa, gərək su əldə etmək üçün quyu qazsın.

Əgər bir şəxs minnətsiz su bağışlayırsa, gərək onu qəbul etsin.

Suyun işlədilməsindən törənən qorxu

Əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda bir eyb və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa, ya şiddətlənsə, ya çətinliklə müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin.

Suyun ona zərər edəcəyini yəqin etməsi lazım deyildir. Əgər zərər verəcəyini ehtimal etsə və onun bu ehtimalı xalqın nəzərində düzgün bir ehtimal hesab edilərsə, təyəmmüm etməlidir.

Suyun ona zərər verəcəyini yəqin və ya ehtimal etdiyinə görə təyəmmüm edən şəxs namazdan əvvəl suyun ona zərəri olmadığını bilərsə, təyəmmümü batildir. Əgər namaz qıldıqdan sonra bilərsə, namazı dəstəmaz və ya qüsl ilə yenidən qılmalıdır. Amma əgər zərərə yəqin və ya ehtimal halında qüsl və ya dəstəmaz dözülməsi çox çətin ruhi nigarançılığa səbəb olsa, bu hal istisnadır.

Suyun ona zərəri olmayacağını bilən şəxs, qüsl edib və ya dəstəmaz aldıqdan sonra, suyun ona zərəri olduğunu bilərsə, dəstəmaz və ya qüslü batildir.

Məşəqqət və çətinlik

Su tapmasa və ya onu dəstəmaz və ya qüsl üçün istifadə etdiyi təqdirdə, adətən dözülə bilməyən dərəcədə zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm edə bilər. Amma əgər dözərək dəstəmaz alsa, ya qüsl etsə, onun dəstəmaz və qüslü səhihdir.

Susuzluğu yatırmaq üçün suya ehtiyac

Əgər susuzluğu dəf etmək üçün suya ehtiyac olarsa, təyəmmüm etməlidir. Bu səbəbə görə təyəmmümün caizliyi iki haldadır.

1) Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə onun hal-hazırda və ya sonradan susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb olacağı təqdirdə;

2-Özündən başqa, onunla bağlı olan kəslər üçün qorxarsa, hətta, qorunması vacib olan nəfsi-möhtərəmədən olmasa belə: Əgər onun məişət işləri onun üçün əhəmiyyətli olarsa, istər şiddətli əlaqə (bağlılıq) üzündən olsun, ya onun tələf olması şəxsə maddi zərər vurduğundan ya da dost və ya qonşu kimi vəziyyətinə riayət edilməsi ürfən lazım olsa.

Bu iki haldan başqa, da susuzluq təyəmmümün edilməsinə əsas ola bilər, amma bu cəhətdən deyil, bəlkə şəxsin canının qorunmasının vacibliyi, ya ölüm, ya taqətsizliyi şübhəsiz özünə ağır çətinlik yaradacağına görədir.

Əgər dəstəmaz və qüsl üçün sahib olduğu pak su ilə yanaşı, özü içəcəyi qədər nəcis suyu da olsa, pak suyu içmək üçün saxlamalı, namazı isə təyəmmümlə qılmalıdır. Amma onunla bağlı olan şəxslər üçün su lazımdırsa, onlar susuzluqlarını yatırmaq üçün nəcis su içmək məcburiyyətində qalsalar belə, pak su ilə dəstəmaz ala və qüsl edə bilərlər. Hətta əgər onların suyun nəcisliyindən xəbərləri olmasa və ya nəcis su içməkdən çəkinməzlərsə, pak suyu dəstəmaz və ya qüsl üçün istifadə etməsi gərəkdir. Həmçinin nəcis suyu heyvana və ya həddi-büluğa çatmamış uşağa vermək istəsə də hökm belədir. Nəcis suyu onlara verib, pak su ilə dəstəmaz və qüsl etməlidir.

Dəstəmaz və ya qüsl bunlardan daha mühüm və ya bunlarla bərqərar olan bir təkliflə zidd olarsa

Əgər bədən və ya libası nəcis olan bir şəxsin az miqdarda suyu olsa və bununla dəstəmaz aldıqda və ya qüsl etdikdə, bədən və ya libasını yumağa su qalmayacaqsa, o su ilə bədən və libasını yumalı və təyəmmümlə namaz qılmalıdır. Amma əgər üzərinə təyəmmüm edəcəyi bir şey yoxdursa, suyu dəstəmaz və ya qüsl üçün istifadə etməli və nəcis bədən və ya libasla namaz qılmalıdır.

İstifadə edilməsi haram olan su və ya qabdan başqa bir su və ya qab yoxdursa, məsələn, su və ya qabı qəsbi olsa, bunlardan başqa su və qabı olmasa, gərək qüsl və dəstəmaz yerinə təyəmmüm etsin.

Vaxtın darlığı

Dəstəmaz və ya qüsl etməsi, namazın hamısının və ya bir qisminin vaxtından sonra qılınmasına (qəzaya getməsinə) səbəb olacaq qədər vaxt dar olarsa, təyəmmüm etməlidir.

Əgər namazını qəsdən, dəstəmaz və ya qüsl vaxtı qalmayacaq qədər təxirə salarsa, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir. Ancaq bu namazın qəzasını qılmaq ehtiyat-müstəhəbbdir.

Dəstəmaz aldıqda və ya qüsl etdikdə namaz üçün vaxt qalıb-qalmayacağında şəkk edən şəxs, təyəmmüm etməlidir.

Vaxtın darlığına görə təyəmmüm etmiş olan şəxs, namazdan sonra dəstəmaz almağa imkanı olduğu halda, su əlindən çıxıncaya qədər dəstəmaz almazsa, belə ki, vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə, əvvəlki təyəmmümünü pozmamış olsa belə, sonrakı namazlar üçün yenidən təyəmmüm etməlidir.

Suyu olan şəxs, əgər vaxtın darlığından təyəmmümlə namaza başlasa və namaz əsnasında o su əlindən getsə, belə ki, vəzifəsi təyəmmümdürsə, yaxşı olmasına baxmayaraq sonrakı namazlar üçün ikinci dəfə təyəmmüm etməsi lazım deyil.

Əgər insanın dəstəmaz almağa, qüsl etməyə, namazın iqamə və qünut kimi müstəhəbb işlərini görmədən namaz qılmağa vaxtı vardırsa, gərək qüsl etsin və ya dəstəmaz alsın və namazı müstəhəbb işlərsiz yerinə yetirsin. Hətta surəni oxuyacaq qədər vaxtı olmasa belə, qüsl edib və ya dəstəmaz alıb, namazını surəsiz qılmalıdır.

Üzərinə təyəmmüm etmək səhih olan şeylər

Torpağa, daşa, quma və kəsəyə təyəmmüm etmək səhihdir. Amma ehtiyat-müstəhəbbdir ki, torpaq olduğu təqdirdə ayrı bir şeyə təyəmmüm etməsin və əgər torpaq yoxdursa, torpaq adlana biləcək çox yumşaq quma, bu da mümkün olmasa kəsəyə, o da mümkün olmasa quma, o da olmadığı təqdirdə, daşa təyəmmüm etsin.

Gəc və əhəng daşına təyəmmüm etmək səhihdir. Həmçinin, ürfə görə yumşaq torpaq sayıldığı təqdirdə, xalça, paltar və bu kimi şeylərin üzərində toplanmış toz-torpağa təyəmmüm etmək səhihdir. Amma ixtiyar halında onun üzərinə təyəmmüm etməmək ehtiyat-müstəhəbbdir. Həmçinin ixtiyar halında bişirilmiş gəc, əhəng, kərpic, eləcə də əqiq kimi mədən daşına təyəmmüm etməmək müstəhəbb-ehtiyatdır.

Əgər torpaq, qum, kəsək və daş tapa bilməsə, palçığa təyəmmüm edə bilər. Əgər palçıq da tapa bilməsə, xalqın nəzərində torpaq sayılacaq miqdarda olmayan xalça, libas və bu kimi şeylərin layında olan və ya üzərində toplanan toz-torpağa təyəmmüm etməlidir. Əgər bunların heç biri tapılmasa, namazı təyəmmümsüz qılması ehtiyat-müstəhəbbdir. Amma bu namazın qəzasını yerinə yetirmək vacibdir.

Əgər xalçanı çırpmaqla və bu kimi işlərlə torpaq hazırlaya bilsə, tozlu şeyə təyəmmüm batildir. Əgər palçığı qurudub onunla torpaq hazırlaya bilərsə, palçığa təyəmmüm etmək batildir.

Suyu olmayıb, qar və ya buzu olan bir şəxs, mümkün olduğu təqdirdə, onu əridərək su əldə edib, onunla dəstəmaz almalı və ya qüsl etməlidir. Əgər bu mümkün olmasa və üzərinə təyəmmüm səhih olan bir şeyi də yoxdursa, namazını vaxt xaricində qəza etməlidir. Amma qar və ya buzla dəstəmaz və ya qüsl üzvlərini islatması, əlindəki rütubətlə başa və ayağa məsh çəkməsi, əgər bu da mümkün deyilsə, buz və ya qara təyəmmüm edib, namazını vaxtında qılması daha yaxşıdır. Hər iki halda qəzasını qılması lazımdır.

Əgər torpağa və quma, təyəmmümün edilməsi batil olan bir şey qatılıbsa, o torpağa və quma təyəmmüm edə bilməz. Amma əgər o şey, torpağın və ya qumun tərkibində aradan gedəcək qədər az miqdarda olarsa, o torpağa və quma təyəmmüm səhihdir.

Üzərinə təyəmmüm edəcəyi bir şeyi yoxdursa, mümkün olduğu təqdirdə, satın almaq və bu kimi yolla təmin etməlidir.

Palçıqdan olan divara təyəmmüm səhihdir. Müstəhəbb ehtiyat odur ki, quru yer və torpaq olan yerdə, yaş yer və torpağa təyəmmüm etməsin.

Təyəmmüm edilən şey şərən gərək pak olsun. Vacib ehtiyata görə, ürfən də gərək təmiz olsun, yəni iyrəncliyə səbəb olan bir şeyə qarışmasın. Əgər təyəmmüm etməsi səhih olan pak bir şey tapılmasa, namaz ona vacib deyildir. Amma gərək (sonradan) onun qəzasını əmələ gətirsin. Daha yaxşı odur ki, namazı vaxtında da qılsın. Amma əgər toz-torpaqlı xalça və bu kimi şeylərə növbə çatsa, əgər onlar nəcisdirsə, vacib ehtiyat odur ki, onunla təyəmmüm etsin, namazı qılsın, sonradan namazın qəzasını da qılsın.

Əgər bir şeyin, üzərinə təyəmmüm etməyin səhih olduğuna əmin olaraq təyəmmüm edərsə, sonra da onunla təyəmmüm etməyin batil olduğunu başa düşərsə, o təyəmmümlə qılmış olduğu namazları yenidən qılmalıdır.

Üzərinə təyəmmüm edilən şey qəsb edilmiş olmamalıdır. Belə ki, əgər qəsb edilmiş torpaq üzərinə təyəmmüm edərsə, təyəmmümü batildir.

Qəsbi fəzada təyəmmüm batil deyildir. Demək əgər öz mülkündə əllərini yerə vursa və icazəsiz başqasının mülkünə daxil olub əllərini alnına çəksə, günah etməsinə baxmayaraq, onun təyəmmümü səhih olar.

Qəsb edilmiş şeyin qəsb edildiyini unudaraq və ya qafil olaraq üzərinə təyəmmüm edərsə, səhihdir. Amma əgər bir şeyi özü qəsb edərsə və qəsb etdiyini unudaraq üzərinə təyəmmüm edərsə, təyəmmümünün səhih olması məhəlli-işkaldır.

Bir kəs qəsb edilmiş yerdə həbs edilsə, əgər oranın suyu və torpağının hər ikisi də qəsbidirsə, təyəmmümlə namaz qılmalıdır.

Lazım-ehtiyata əsasən üzərinə təyəmmüm etdiyi şeyin əldə qalacaq qədər tozu olmalı və ona əlini vurduqdan sonra, əlini, onda qalan tozun hamısı töküləcək şəkildə şiddətlə çırpmamalıdır.

Çala yerə, yol torpağına, üzünü duz tutmamış şoran yerə təyəmmüm etmək məkruhdur. Əgər onun üzünü duz tutsa, batildir.

Dəstəmaz və qüsl əvəzinə təyəmmümün qaydasi

Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə üç şey vacibdir:

1) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Lazım ehtiyata əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin.

2) Hər iki əlin içini tük bitən yerdən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin onun iki tərəfinə, burnunun yuxarısına, vacib ehtiyata əsasən; və ehtiyat müstəhəbb odur ki, əlləri qaşların üstünə çəksin.

3) Sol əlin içini, tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək. Vacib ehtiyat odur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyətlə, qürbət qəsdi ilə yerinə yetirsin.

Təyəmmümün – istər dəstəmaz əvəzi olsun, istərsə qüsl əvəzi, bu tərtiblə əmələ gətirilməsi ehtiyat müstəhəbbdir: Bir dəfə əlləri yerə vursun, sonra alnına və əllərinin arxasına çəksin. Sonra əlini yenə də yerə vursun və əllərinin arxasına çəksin.

Təyəmmümün hökmləri

İstər qəsdən, istərsə məsələni bilməməkdən və ya unudaraq, alının və ya əllərin arxasının azacıq bir miqdarı belə məsh edilməzsə, təyəmmüm batildir. Amma çox diqqət yetirmək də lazım deyildir. "Alının və əllərinin arxasının tamamilə məsh edilmişdir" deyilərsə, kifayətdir.

Əgər əllərinin arxasına tamamilə məsh etdiyinə yəqin olmasa, buna əmin olması üçün biləyin üstündən bir miqdarı da məsh etməlidir. Amma barmaqlarının arasına məsh etməsi lazım deyildir.

Alına və əllərin arxasını, ehtiyata əsasən yuxarıdan aşağıya doğru məsh etməli və təyəmmüm işlərini ardıcıl olaraq yerinə yetirməlidir. Əgər onların arasında "təyəmmüm edir" deyilməyəcək qədər fasilə verərsə, təyəmmümü batildir.

Niyyət zamanı təyəmmümün qüsl əvəzi və ya dəstəmaz əvəzi olmasını müəyyən etməsi lazım deyil. Amma iki təyəmmüm etməsi lazım olan yerlərdə, onun hər birini təyin etməlidir. Əgər üzərinə bir təyəmmüm vacib olsa və hal-hazırkı vəzifəsinə əməl etmək qəsdilə təyəmmüm edərsə, onu müəyyən etməkdə səhv etsə belə, təyəmmümü səhihdir.

Təyəmmüm edərkən yaxşı olmağına baxmayaraq, alının və əllərin içi və arxasının pak olması lazım deyil.

İnsan əllərinə məsh çəkən vaxtda gərək üzüyünü barmağından çıxarsın. Əgər alında və ya əllərin içində və arxasında maneə olsa, məsələn, bir şey onlara yapışmış olsa, gərək onu aradan qaldırsın.

Əgər alın və ya əllərin arxası yara olsa və ona bağladığı parçanı aça bilməsə, gərək əlini onun üstünə çəksin. Habelə əgər əlin içi yaradırsa və ona bağladığı parça və ya bu kimi şeyi aça bilməsə, gərək əli həmən parça ilə təyəmmüm səhih olan şeyə vursun, sonra alına və əllərinin üstünə çəksin. Amma əgər onun bir hissəsi açıq olsa, o qədəri yerə vurub, elə onunla məsh etməsi kifayətdir.

Əgər alın və əlin arxası adi qaydada tüklü olsa eybi yoxdur. Amma əgər başın tükü, alnın üzərinə düşsə, onu yana vurmalıdır.

Əgər insan, alnında, əllərinin içində və ya arxasında bir maneə olduğuna ehtimal versə və onun bu ehtimalı camaatın nəzərində doğru bir ehtimal olarsa, maneə olmadığına əmin oluncaya qədər araşdırmalıdır.

Əgər vəzifəsi təyəmmüm etmək olduğu halda, təklikdə təyəmmüm edə bilməsə, başqa birisindən yardım diləməlidir. Bu zaman yardımçı onun əllərini təyəmmümün səhih olduğu bir şeyə vurub, onun alnına və əllərinin üstünə qoymalıdır ki, mümkün olduğu təqdirdə onun özü hər iki əllərinin içini alnına və əllərinin arxasına çəksin. Əgər bu mümkün deyilsə, naib onun öz əli ilə ona təyəmmüm verməlidir. Əgər bu da mümkün deyilsə, naib öz əlini təyəmmümün səhih olduğu şeyə vurub, onun alnına və əllərinin arxasına çəkməlidir. Bu iki təqdirdə, lazım-ehtiyat olaraq hər ikisi də təyəmmümün niyyəti etməlidir. Amma birinci surətdə, mükəlləfin öz niyyəti kifayətdir.

Təyəmmüm əsnasında, təyəmmümün bir qismini unudub-unutmadığında şəkk edərsə, onun məhəlli keçmişdirsə, şəkkinə etina etməməlidir. Əgər məhəlli keçməmişdirsə, o bölümü yerinə yetirməlidir.

Sol əlini məsh etdikdən sonra, təyəmmümü düzgün edib-etmədiyində şəkk edərsə, təyəmmümü səhihdir. Amma əgər şəkk, sol əlinin məshində olarsa, onu məsh etməlidir. Əgər ürfün nəzərincə, artıq təyəmmümdən çıxmış hesab olunursa, məsələn; təharətli olmağın şərt olduğu bir əmələ başlamışdırsa, yaxud ardıcıllıq pozulmuş olarsa, onu məsh etməsi lazım deyil.

Vəzifəsi təyəmmüm olan şəxs, namazın tamam vaxtında üzrünün aradan gedəcəyindən ümidsiz olsa, yaxud təxirə salarsa vaxt daxilində təyəmmüm edə bilməyəcəyinə ehtimal versə, namaz vaxtından əvvəl təyəmmüm edə bilər. Əgər başqa bir vacib, yaxud müstəhəbb iş üçün təyəmmüm etsə və namaz vaxtına qədər üzrü qalsa, həmən təyəmmümlə namaz qıla bilər.

Vəzifəsi təyəmmüm olan şəxs, əgər vaxtın axırına qədər üzrünün qalacağını bilsə, yaxud onun aradan getməsindən ümidsiz olsa, geniş vaxtda təyəmmümlə namaz qıla bilər. Amma əgər vaxtın sonuna qədər üzrünün aradan gedəcəyini bilərsə, gözləyib dəstəmaz və ya qüsl ilə namaz qılmalıdır. Hətta əgər vaxtın sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, ümidi kəsilməyincəyə qədər təyəmmümlə namaz qıla bilməz. Amma əgər tez təyəmmümlə namaz qılmadıqda vaxtın axırına qədər hətta təyəmmümlə belə, namaz qıla bilməməsinə ehtimal versə, (əvvəl vaxtda) təyəmmümlə qıla bilər.

Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs, əgər üzrünün aradan getməsindən ümidini kəsmişdirsə, qəza namazlarını təyəmmümlə qıla bilər. Amma üzrü aradan getdikdən sonra, o namazları dəstəmaz və ya qüsl ilə yenidən qılması ehtiyat vacibdir. Əgər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, lazım-ehtiyat olaraq, qəza namazlarını təyəmmümlə qıla bilməz.

Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs, gecə və gündüz nafilələri kimi, müəyyən vaxtları olan müstəhəbb namazları təyəmmümlə qıla bilər. Amma onların vaxtlarının sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, lazım-ehtiyat olaraq onları, vaxtlarının əvvəlində yerinə yetirməməlidir. Amma müəyyən vaxtları olmayan namazları isə hər bir halda təyəmmümlə qıla bilər.

Ehtiyat üzrə cəbirə qüslü və təyəmmüm edən şəxs, əgər qüsl və təyəmmümdən sonra namaz qılsa və namazdan sonra kiçik hədəs baş verərsə, məsələn; bövl edərsə, sonrakı namazlar üçün dəstəmaz almalıdır. Belə ki, əgər hədəs namazdan əvvəl baş verərsə, o namaz üçün də dəstəmaz almalıdır.

Əgər su tapılmamasına, yaxud başqa üzrə görə təyəmmüm etsə, üzrü aradan gedəndən sonra təyəmmümü batil olur.

Dəstəmazı batil edən şeylər dəstəmaz əvəzinə olan təyəmmümü də batil edər. Qüslü batil edən şeylər qüsl əvəzinə olan təyəmmümü də batil edər.

Qüsl edə bilməyən şəxs, üzərinə bir neçə qüsl vacib olarsa, onların hamısının əvəzinə bir təyəmmüm etməsi caizdir. Amma hər birisinin əvəzinə bir təyəmmüm etməsi ehtiyat-müstəhəbbdir.

Qüsl edə bilməyən şəxs, əgər onun üçün qüsl vacib olan əməli yerinə yetirmək istəsə, qüslün əvəzinə təyəmmüm etməlidir. Dəstəmaz ala bilməyən şəxs də, əgər onun üçün dəstəmaz vacib olan bir əməli yerinə yetirmək istəyərsə, dəstəmaz əvəzinə təyəmmüm etməlidir.

Əgər cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq lazım deyildir və əgər başqa qüsllərin əvəzinə təyəmmüm etsə də, hökm eynidir, baxmayaraq ki, ehtiyat müstəhəbb odur ki, dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə, başqa bir təyəmmüm də dəstəmaz əvəzinə etsin.

Əgər qüsl əvəzinə təyəmmüm etsə və sonra dəstəmazı batil edən bir iş onun qarşısına çıxsa, belə ki, sonrakı namazlar üçün qüsl edə bilməsə, gərək dəstəmaz alsın və ehtiyat müstəhəbb odur ki, təyəmmüm də etsin. Əgər dəstəmaz ala bilməsə, gərək onun əvəzinə təyəmmüm etsin.

Vəzifəsi təyəmmüm olan şəxs, əgər bir iş üçün təyəmmüm edərsə, təyəmmümü və üzrü aradan getməyənə qədər, dəstəmaz və ya qüsllə etməli olan əməlləri, yerinə yetirə bilər. Amma əgər üzrü vaxtın darlığı imişsə, yaxud suyu olduğu halda meyyit namazı üçün və ya yatmaq üçün təyəmmüm edibsə, yalnız onun üçün təyəmmüm etdiyi işi yerinə yetirə bilər.

Bir neçə yerdə, insanın təyəmmümlə qıldığı namazları yenidən qılması daha yaxşıdır:

1) Sudan istifadə etməkdən qorxduğu halda qəsdən özünü cünub edib, təyəmmümlə namaz qılmışdırsa;

2) Su tapa bilməyəcəyini bildiyi və ya zənn etdiyi halda, qəsdən özünü cünub edib, təyəmmümlə namaz qılmışdırsa;

3) Vaxtın axırına qədər, qəsdən su axtarmağa getməsə və təyəmmümlə namaz qılıb, sonradan, axtardığı təqdirdə su tapa biləcək olduğunu başa düşərsə;

4) Qəsdən namazı təxirə salıb, vaxtın axırında təyəmmümlə namaz qılmışdırsa;

5) Su tapa bilməyəcəyini bildiyi və ya zənn etdiyi halda, mövcud olan suyunu dağıdıb, təyəmmümlə namaz qılmışdırsa.

İstinadlar

Tags:

Təyəmmüm haqqında QurandaTəyəmmüm Nə zaman təyəmmüm etmək lazımdır?Təyəmmüm Üzərinə təyəmmüm etmək səhih olan şeylərTəyəmmüm Dəstəmaz və qüsl əvəzinə təyəmmümün qaydasiTəyəmmüm ün hökmləriTəyəmmüm İstinadlarTəyəmmüm

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan şirkətlərinin siyahısıLyambliyozKarles PuçdemonOğlaq (astrologiya)Soyuq günəş (film, 2020)Xətti tənliklər sistemiMonarxiyaNadir şahAyaz MütəllibovAbbasqulu ağa BakıxanovBağdad xatunRənglər siyahısıXaçmaz rayonuKönül XasıyevaModal sözlərAzərbaycan Respublikası yol nişanlarıQotika (memarlıq)QulançarTürkiyəGəncəLionel MessiÇay (coğrafiya)QuranTörəməQan qrupuƏfqanıstanMəsdərRiyaziyyatQitəVətən Müharibəsi Qəhrəmanlarının siyahısıOperaAzərbaycan Quru Qoşunlarının hərbi nişanlarıMədəaltı vəziBitkiPasxaAy (zaman)Talıb TaleƏli XameneiAzərbaycanın Milli QəhrəmanıİsgəndərnaməQİÇSQubaDurğu işarələriSuğra və oğulları (film, 2021)Oral seksSovet Sosialist Respublikaları İttifaqıSinir sistemiİzzət BağırovMenstruasiyaİspaniyaÇaldıran döyüşüDairəPrizmaLivanMisirMənsubiyyət (qrammatika)FutbolEkoloji problemlərQurğuşunİudaizmƏliAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıKəmaləddin HeydərovMolla Nəsrəddin (jurnal)SuçiçəyiSərdar OrtaçBakı Dövlət UniversitetiVergülÜslubiyyat (Azərbaycan dili)Xəyalə ManaflıXəritəQurban bayramıAzərbaycan generallarının siyahısıRusiya imperiyasıAzərbaycan Sovet Sosialist RespublikasıQacar dövlətiMicrosoft Excel🡆 More